Azərbaycanda bizneslərin kommunal xidmətlərə qoşulma xərcləri subsidiyalaşdırılacaq.
Bunu İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABİF) ASC-nin İdarə Heyətinin sədrinin müavini Murad Abdullayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
“Vergi və gömrük güzəştlərini nəzərdə tutan flaqman layihələr üçün investisiya təşviqi sənədləri təqdim edilir. Müxtəlif bölgələrdə yerləşən, hazır infrastruktura və kommunal təminata malik sənaye parklarında da biznesin qurulması üçün vaxtı və xərcləri minimuma endirən vergi və gömrük güzəştləri təqdim olunur. İxrac yönümlü bizneslər üçün isə, əlbəttə ki, Ələt Azad İqtisadi Zonası magistral və dəmir yollarına, eləcə də beynəlxalq dəniz ticarət limanlarına mükəmməl çıxış imkanı yaradır. Həmçinin burada bizneslər üçün böyük vergi və gömrük üstünlükləri təqdim olunur. Hökumət bu yaxınlarda ixrac yönümlü bizneslərin logistika xərclərini subsidiyalaşdırmaqla onlar üçün yeni dəstək mexanizmi tətbiq edib. Bundan əlavə, bizneslərin kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması ilə bağlı növbəti dəstək tədbirləri tətbiq olunacaq”, – deyə o qeyd edib.