Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı: biznes dialoqu və əməkdaşlıq” mövzusunda əlavə panel sessiya keçirilib.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının əməkdaşlığı ilə təşkil olunan sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyul ayında Almaniyaya rəsmi səfəri ikitərəfli tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Prezident və Federal Kanslerlə keçirilən görüşlər daha sıx əməkdaşlığa dair ortaq öhdəliyi bir daha təsdiqləyib. İkitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəlik haqqında və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair birgə bəyannamələr ticarət və investisiyaların genişləndirilməsi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün daha möhkəm çərçivə yaradır.
Almaniya ilə sənaye və texnologiyaların transferi, enerji və resurslardan səmərəli istifadə, nəqliyyat-logistika, regional bazarlara çıxış və digər sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar qeyd edilib.
Panel sessiyada Almaniya Şərq Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, “1Global” şirkətinin İdarə Heyətinin sədri Hannes Ametstreiter, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Milla Dairy” şirkətinin baş icraçı direktoru Azər Vahabzadə iştirak ediblər.