Orta Dəhlizin uzunmüddətli perspektivdə davamlı inkişafı təkcə logistika imkanlarının artırılması ilə yox, həm də regional istehsal ekosistemlərinin inteqrasiyası ilə müəyyən ediləcək.
Bunu “Kibar Holding”in baş direktoru Haluk Kayabaşı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
O vurğulayıb ki, bu gün açılan əsas imkan ticarət həcminin artırılmasından daha çox, birgə sənaye potensialının formalaşmasından ibarətdir: “Xüsusilə tikinti materialları istehsalı, metal emalı, alüminium sənayesi, qablaşdırma istehsalı və avtomobil komponentlərinin buraxılışı kimi sahələrdə regionda ölkələrarası ixtisaslaşma əsasında istehsal şəbəkələrinin formalaşması bu dəhlizin uğurlu fəaliyyəti üçün həlledici əhəmiyyət kəsb edir”.