“Bu forum digər məsələlərlə yanaşı, Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında yeni enerji əlaqələrinin qurulmasında, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji əməkdaşlığının irəlilədilməsində strateji rolunu müzakirə etmək üçün mühüm platformadır”.
Bunu energetika naziri Pərviz Şahbazov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Regional enerji bağlantısı və yaşıl keçid: çağırışlar və imkanlar” sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, enerji və nəqliyyat koridorları, elektrik şəbəkələrarası birləşdiricilər qlobal sistemin yeni arteriyalarına çevrilir: “21-ci əsrin bağlantı və inteqrasiya əsri kimi xarakterizə olunması təsadüfi deyil. Bu gün bağlantı imkanları sadəcə ölkələri və bazarları birləşdirən fiziki infrastrukturdan ibarət deyil. Bu, həm də iqtisadi və geosiyasi münasibətlərin yeni arxitekturasının təməlidir.
Ötən əsrin enerji xəritəsi neft və qaz yataqlarının coğrafiyası və əsas kəmər marşrutları ilə formalaşdığı halda, 21-ci əsrin enerji xəritəsi ölkələri, regionları və qitələri birləşdirən elektrik şəbəkələri, enerji saxlama sistemləri və yaşıl enerji koridorları ilə yenidən cızılır”.