“Son zamanlar bəzi media subyektlərində əmanətlərin sığortalanması mexanizminin məqsəd və funksiyalarına dair məlumatların təhrif olunmuş formada təqdim edilməsi, habelə qorunan əmanətlər üzrə illik faiz dərəcələrinin yuxarı hədləri ilə bağlı yanlış məlumatların rəsmi mövqeyə istinad edilmədən paylaşılması və ya müxtəlif ekspertlərin çıxışlarındakı yanlış məlumatların dərc edilməsi əhali arasında çaşqınlığa səbəb olmaqla yanaşı, onların bank sisteminə olan etimadının azalmasına da səbəb ola bilər. Bununla əlaqədar bildiririk ki, əmanətlərin sığortalanması sistemi bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətlərin qanunla müəyyən edilmiş hədlərdə kompensasiya olunmasını təmin etməklə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını alır, həmçinin bank sisteminə inamın və maliyyə sabitliyinin qorunmasına xidmət edir”.
Bu haqda Əmanətlərin Sığortalanması Fondu açıqlama yayıb.
Bildirilib ki, Azərbaycanda əmanətlərin sığortalanması mexanizmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir:
“Fiziki şəxslərdən əmanət cəlb etmək üçün bank lisenziyasına malik olan banklar qanunla müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fondunun məcburi iştirakçılarıdır. Sistemin maliyyə bazası (ehtiyatı) əsasən iştirakçı bankların ödədiyi sığorta haqları hesabına formalaşır.
Mühüm bir detalı da qeyd edək ki, əmanətlərin sığortalanması sistemi sığorta hadisəsi baş vermiş bankdakı bütün əmanətlərin geri qaytarılmasını deyil, yalnız qorunan əmanətlərin qanunla müəyyən edilmiş həcmdə kompensasiya olunmasını tənzimləyir. Qorunan əmanətlərin dairəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edilməlidir ki, hal-hazırda milli valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 12 %, xarici valyutada isə 2,5 % təşkil edir. Bundan əlavə nəzərə alınmalıdır ki, qorunan əmanətlər qanunla müəyyən edilmiş qaydada Fond tərəfindən aşağıdakı hədlərdə kompensasiya olunur:
* fiziki şəxslərin banklardakı cari və əmanət hesablarında olan vəsaitləri – 100 faiz həcmində, lakin 100 000 manatdan çox olmamaq şərtilə;
* fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarındakı vəsaitlər – 20 000 manatadək;
* notariusların depozit hesablarında fiziki şəxslərə məxsus vəsaitlər – tam həcmdə.
Qeyd edilməlidir ki, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarındakı vəsaitlərin 20 000 manatadək, habelə notariusların depozit hesablarında fiziki şəxslərə məxsus vəsaitlərin tam həcmdə qorunması 2020-ci ilin dekabrında Qanuna edilmiş dəyişikliklərlə əmanətlərin sığortalanması sisteminə əlavə təminat kimi daxil edilmişdir.
Qeyd edək ki, 2020-ci ilədək sığorta hadisəsi baş vermiş banklar üzrə Fond tərəfindən 28 820 qorunan əmanətçiyə ümumilikdə 831 764 855,06 manat, 2020-ci ildən etibarən sığorta hadisəsi baş vermiş 6 bank üzrə isə 35 070 qorunan əmanətçiyə 898 129 935,33 manat məbləğində kompensasiya ödənilmişdir.
Kompensasiyanın ödənilməsi əmanətçinin banka qarşı bütün tələblərinin avtomatik olaraq başa çatması demək deyil. Əmanətin məbləği ödənilmiş kompensasiyadan çox olduqda, qalan məbləğ üzrə əmanətçinin banka qarşı tələb hüququ saxlanılır və həmin tələblərin, o cümlədən hüquqi şəxslərin və digərlərinin banka qarşı tələblərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada bankın aktivləri hesabına ödənilməsi nəzərdə tutulur.
Beləliklə, Əmanətlərin Sığortalanması Fondunun funksiyaları yalnız bankın ödəmə qabiliyyətini itirməsi halında qorunan əmanətçilərə kompensasiya ödənilməsi ilə məhdudlaşmır. Fondun funksiyaları sığorta haqlarının toplanması və ehtiyatların formalaşdırılmasından başlayaraq risklərin idarə olunması, Fondun vəsaitlərinin qorunması və kompensasiya ödənildikdən sonra tələb hüququnun həyata keçirilməsinədək bir-biri ilə əlaqəli mexanizmləri əhatə edir.
Bir daha bildiririk ki, müxtəlif mütəxəssislərin və iqtisadçı ekspertlərin çıxışlarında səsləndirilən yanlış və ya dəqiq olmayan məlumatların media subyektləri tərəfindən paylaşılması əhali arasında çaşqınlığa səbəb olur. Göstərilən neqativ halların baş verməməsi üçün media subyektlərinə bu tip paylaşımlardan öncə Fondun rəsmi mövqeyinin alınması tövsiyə olunur”.