İtaliyanın “Kedrion” əczaçılıq şirkətinin Azərbaycanda istehsal və tədqiqat mərkəzinin yaradılması planlaşdırılır.
Bunu İtaliyanın “FSI” investisiya şirkətinin təsisçisi və Baş icraçı direktoru Maurizio Tamagnini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
“Portfel şirkətlərimizdən biri ilə bağlı xüsusi planlar hazırlamağa başlamışıq. Məqsəd həmin şirkətin fəaliyyətinin Azərbaycanın təqdim etdiyi azad iqtisadi zonalardan birində yerləşdirilməsidir. Bu şirkətlərdən biri “Kedrion”dur. Şirkət plazma törəmələri üzrə ixtisaslaşıb və əsasən insan qanından əldə edilən dərman preparatları istehsal edir. İnsan qanı uzun məsafələrə daşınmır və hər bir region bu cür həyati əhəmiyyətli xəstəliklərin müalicəsində istifadə olunan preparatların istehsalı üçün öz qan plazmasının emal edilməsində maraqlıdır.
Bu səbəbdən, aidiyyəti qurumların lazımi dəstəyi ilə bütün regiona xidmət göstərə biləcək istehsal və tədqiqat mərkəzini Azərbaycana gətirə bilsək, tədqiqat və istehsal prosesləri xaricdən həyata keçirilməyəcək. Beləliklə, burada yalnız ticarət mərkəzləri deyil, həm də real istehsal və tədqiqat imkanları yaradılacaq”, – M. Tamagnini qeyd edib.
O hesab edir ki, bu, böyük bir addım və nümunə olacaq: “Bu layihə İtaliya üçün strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanda əhəmiyyətli və müsbət qarşılanan kapital öhdəliklərinin formalaşmasına da imkan verəcək”.