“SOCAR ilə birlikdə TANAP layihəsinə 1 milyard dollar investisiya yatırmışıq. BP ilə birlikdə TAP və TANAP-a isə 2 milyard dollar investisiya, regiondakı maliyyə institutlarına müxtəlif maliyyə qoyuluşları etmişik”.
Bunu “Apollo Global Management” şirkətinin idarəedici direktoru Conatan Bar “Orta Dəhliz: ticarət, sənaye və bağlantı potensialının reallaşdırılması” adlı sessiyada deyib.
“Yəni Orta Dəhlizə olan öhdəliyimiz əhəmiyyətlidir və artmaqdadır. Bu, yalnız əməkdaşlıq etdiyimiz tərəfdaşların keyfiyyəti ilə deyil, həm də regiondakı liderliklə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanla sülh prosesi çərçivəsində Prezident İlham Əliyev kimi liderlər sayəsində bu regionda sülh və firavanlıq inkişaf edib”, – deyə C.Bar bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiyaya bir qapı rolunu oynayır: “Hətta SOCAR ilə ilk sərmayəmizi investisiya komitəmizə təqdim edəndə bizə verilən ilk sual bu oldu: “Azərbaycanı necə təsvir edərsiniz?” Cavabımız belə oldu: “Azərbaycan Mərkəzi Asiyanın İsveçrəsidir”. Beləliklə, biz Qazaxıstana və ya Özbəkistana investisiya haqqında düşünəndə, əslində düşündüyümüz şey Azərbaycanın mövqeyini genişləndirməyə və bütün bu resursları Azərbaycana gətirməyə necə kömək edə biləcəyimizdən ibarətdir. Bildiyiniz kimi, bu addımlardan bəziləri Cənubi Avropaya gedən qaz həcmini iki və ya üç dəfə artıracaq Trans-Xəzər boru kəməri ola bilər. Hazırda bu qaz Aİ-nin ümumi idxalının təxminən 5%-ni təşkil edir və bu göstərici 10%-ə qədər yüksələ bilər. Bu, çox əhəmiyyətlidir. Hazırda Qazaxıstan və ya Özbəkistandakı bütün resurslar əsasən Rusiya və Çinə axır. Əgər bunun böyük hissəsini Qərbə gətirmək istəyirsinizsə, burada infrastrukturu inkişaf etdirməli, hökumətlərin alqı-satqı müqavilələri və dəstəklə bunun arxasında durmasını təmin etməliyik”.
Günel İbrahimova