FAO nümayəndəsi Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin FAO-Azərbaycan tərəfdaşlıq Proqramı çərçivəsində yenilənən Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevin iştirakı ilə keçirilən görüş zamanı Viorel Gutuya Mərkəzi Laboratoriyanın fəaliyyəti, burada göstərilən xidmətlər, tətbiq olunan müasir analiz metodları və laboratoriyanın texniki imkanları barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində laboratoriyada aparılan analiz prosesləri əyani şəkildə nümayiş etdirilib. Torpaq analizləri üzrə azot, fosfor, kalium, pH və EC göstəricilərinin, toxum analizləri üzrə təmizlik və cücərmə göstəricilərinin, eləcə də 1000 dənin çəkisinin müəyyənləşdirilməsi prosesləri nümayiş olunub.

Bununla yanaşı, bitki xəstəliklərinin diaqnostikası, kənd təsərrüfatı məhsullarının laborator müayinəsi və suvarma suyunun analizinin aparılması istiqamətində görülən işlər barədə məlumat təqdim edilib.

Görüş zamanı laboratoriyanın fəaliyyəti, tətbiq olunan analiz metodları və göstərilən xidmətlərlə bağlı Viorel Gutunun sualları cavablandırılıb.

Report.