Böyük Britaniyanın Azərbaycanla birgə müəssisələr yaratması üçün imkanlar mövcuddur.
Bunu Böyük Britaniyanın Kembric Ticarət Palatasının beynəlxalq ticarət və iqtisadi inkişaf üzrə nümayəndəsi Dr. Ilona Karpanos Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan üçün çox həyəcanlı dövrdür: “Söhbət sadəcə ixracı artırmaqdan getmir. Hesab edirəm ki, biz diqqətimizi daha çox geniş şəbəkə vasitəsilə strateji tərəfdaşlıqlar qurmağa yönəltməliyik. Ticarət palataları şəbəkəsi və digər regional şəbəkələr məhz bu istiqamətdə iki ölkəmiz arasındakı boşluğu doldurur. Məsələn, bilirsiniz ki, bizim regionumuzda – Kembricdə biz öz regionumuzla Böyük Britaniyadan kənardakı tərəfdaşlıqlar, universitetlər, tədqiqatlar, birgə müəssisələr və digər vasitələrlə bu boşluğu aradan qaldırmaqda çox uğurluyuq. Bütün bunları müxtəlif səviyyələrdə görürəm.
İlk növbədə, bütün bu regional şəbəkə biznesləri universitetlərdə, biznes mərkəzlərində və həyat elmləri (life sciences) sahəsindəki qərarvericilərlə sıx əlaqələndirməlidir. İkincisi, təbii ki, investorları cəlb etməkdir. Lakin mənim təcrübəmə və baxışıma görə, investisiya hər iki tərəfdən axmalıdır. Biz bizneslərimizin nəyə sahib olduğunu, hansı imkanlara malik olduğunu və bunların müəyyən bazarlardakı tələbatla necə uyğunlaşa biləcəyini müəyyən etməliyik və edirik. Gələn həftə mən Böyük Britaniyanın müdafiə, təhlükəsizlik və kibertəhlükəsizlik sektorlarından olan nümayəndə heyətinə ADEX sərgisi çərçivəsində Azərbaycana səfərinə rəhbərlik edəcəyəm. Nümayəndə heyətinə 16 biznes qurumu qoşulub və maraqlıdır ki, onların bəziləri həyat elmləri və təchizat sahələrindəndir, yəni mütləq müdafiə və təhlükəsizlik sektorlarından deyillər. Deməli, maraq və istək var. Sadəcə, doğru tərəfdaşları və doğru birgə müəssisələri müəyyənləşdirmək və hamısını bir araya gətirmək lazımdır”.
Bundan başqa, nümayəndə deyib ki, Azərbaycanın coğrafi mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi Böyük Britaniya biznesləri üçün imkanlar yaradır: “Azərbaycanın sahib olduğu iki əsas üstünlük var. Birincisi, onun coğrafi mövqeyi, Avropa və Asiyaya yaxınlığı, mühüm regional və daxili bazarlara asan çıxış imkanının olmasıdır. İkincisi isə diversifikasiyadır, yəni şaxələndirmədir. Çünki karbohidrogenlərdən kənara çıxmaq və iqtisadiyyatı şaxələndirmək istiqamətində atılan addımlar Böyük Britaniya bizneslərinin xüsusi üstünlüyə və təcrübəyə malik olduğu yeni sektorlar və imkanlar açır. Onlar bu ikitərəfli münasibətlərə öz təcrübələrini gətirə və hər iki ölkəyə fayda verə bilər”.