Türkiyəli sahibkarlar Azərbaycanda yeni yatırım perspektivlərini öyrənir.
Bunu “Report”a açıqlamasında Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev deyib.
O qeyd edib ki, ticarət nümayəndəliyinin başlıca missiyalarından biri türkiyəli sahibkarların Azərbaycana cəlb edilməsi, onların ölkədə biznes qurması və istehsal müəssisələri yaratmasıdır:
“İndiyədək çoxsaylı nümayəndə heyətlərini Azərbaycana gətirmişik. Həm bizim təşəbbüsümüzlə, həm də digər qurumlarımızın dəvəti əsasında Azərbaycana gələn nümayəndə heyətləri olub. Bu proses fasiləsiz davam edir və iki dövlət arasında iqtisadi-ticarət münasibətlərinin gücləndirilməsində özəl sektorun da əhəmiyyətli rolu mövcuddur.
Məlum olduğu kimi, son dövrdə türk şirkətlərinin Azərbaycanda həm fəaliyyət dairəsi genişlənir, həm də yeni müəssisələr kapital yatıraraq burada istehsala başlayır. Biz də Azərbaycandakı fürsətləri, dövlət və hökumət tərəfindən təklif olunan vergi və gömrük güzəştlərini, sənaye parklarımızı, Araz Vadisi İqtisadi Zonasını, Qarabağ və Şərqi Zəngəzur bölgələrimizdəki əlavə üstünlükləri, eləcə də Naxçıvan bölgəmizi Türkiyədə həm təbliğ edirik, həm də oradakı perspektivləri izah edirik”.
T.Tağıyevin sözlərinə görə, türk müəssisələri Azərbaycana gələrək burada məhsul istehsal etməklə daha böyük bazarlara yol tapa bilərlər.
“Belə ki, ölkəmizin 10 dövlətlə sərbəst ticarət müqavilələri mövcuddur və həmin ölkələrə Azərbaycanda hazırlanan məhsulların gömrük rüsumu və vergi olmadan ixracını təmin etmək mümkündür. Beləliklə, həmin bazarlara Azərbaycan vasitəsilə çıxış əldə edə bilərlər.