Pirallahı rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar 24-25 sentyabr 2026-cı il tarixlərində bir sıra tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində ağacəkmə aksiyası təşkil olunub, şəhid məzarları və “Vətən uğrunda” abidə kompleksi ziyarət edilib, şəhid ailələri ilə görüşlər keçirilib və onların qayğıları ilə maraqlanılıb.
Belə ki, sentyabrın 24-də Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Səməd Vurğun küçəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada RİH başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər və məktəblilər iştirak ediblər. Aksiya zamanı 150-dən çox şam ağacı əkilib, onların qorunması və suvarılması ilə bağlı müvafiq tədbirlər görülüb.
Sentyabrın 25-də isə rayon rəhbərliyi tərəfindən Gürgən qəsəbə qəbiristanlığında şəhidlərin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Daha sonra RİH başçısının rəhbərlik etdiyi nümayəndə heyəti “Vətən uğrunda” abidə kompleksini ziyarət edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və abidə kompleksinin önünə gül dəstələri qoyulub. Gün ərzində şəhid ailələri də ziyarət olunaraq onların qayğıları ilə maraqlanılıb.













