Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni sərmayələr yatırmağa dəvət edib

Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni sərmayələr yatırmağa dəvət edib

Şimali Makedoniya 650 milyondan çox istehlakçıya çıxış imkanı yaradır.

Bunu Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Nazirin sözlərinə görə, əsas hədəfləri Şimali Makedoniyanı investorların proqnozlaşdırıla bilənlik, inkişaf etmiş infrastruktur, bazarlara çıxış, peşəkar işçi qüvvəsi və möhkəm institusional dəstək tapa biləcəyi bir məkana çevirməkdir:

“Əsas üstünlüyümüz coğrafi mövqeyimiz və bazar potensialımızdır. Şimali Makedoniya 8-ci və 10-cu dəhlizlərin qovşağında yerləşir ki, bu da istehsal, logistika və müxtəlif bazarlara məhsul paylanması baxımından təbii imkanlar formalaşdırır. Amma bundan da əhəmiyyətlisi odur ki, Şimali Makedoniyada fəaliyyət göstərən investor yalnız daxili bazarla məhdudlaşmır. Ticarət müqavilələri şəbəkəmiz sayəsində biz 650 milyondan artıq istehlakçıya çatmaq imkanı əldə edirik. Bu isə o deməkdir ki, Şimali Makedoniyada həyata keçirilən istehsal daha geniş Avropa və regional bazara yönləndirilə bilər.

Digər mühüm üstünlük sənaye infrastrukturumuzla bağlıdır. Ölkə miqyasında 15 Texnoloji Sənaye İnkişaf Zonasının planlaşdırılması və inkişaf etdirilməsi həyata keçirilir. Bunlardan 8-i hazırda aktiv fəaliyyət göstərir, hazır infrastruktura malikdir və investorların iştirakı təmin olunub. Bu zonalar dövlət dəstəyi, vergi və gömrük güzəştləri, hazır infrastruktur və institusional yardımla investisiya üçün tam bir ekosistemi formalaşdırır.

Bu kontekstdə daha bir əhəmiyyətli məsələni qeyd etmək istərdim: dəstəyimiz investorun ölkəmizə gəlməsi ilə başa çatmır. Biz investorun gəlişindən sonra da fəaliyyətini davam etdirən “aftercare” mexanizmi qurmuşuq. Bu mexanizm çərçivəsində müvafiq qurumlar investisiya həyata keçirildikdən sonra da müəssisələrlə əməkdaşlığı davam etdirir, əməliyyat çətinliklərinin aradan qaldırılmasına, biznesin genişləndirilməsinə və gələcək investisiyalar üçün şəraitin təkmilləşdirilməsinə yardım göstərirlər”.

B. Durmişin fikrincə, bu, böyük əhəmiyyət daşıyır, çünki Şimali Makedoniya investorların təkcə gəlməsini deyil, ölkədə fəaliyyətlərini davam etdirmələrini və yenidən investisiya yatırmalarını arzu edir.

Report.