Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır.
Bunu Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib.
“Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir”,- deyə o qeyd edib.
Bundan başqa, dövlət başçısı deyib ki, Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib: “İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 % təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 %-ə çatıb”.