Azərbaycan innovasiyaları, özəl sektorun inkişafını və ixrac rəqabətqabiliyyətliliyini təşviq etməklə regional və qlobal dəyər zəncirlərində daha yuxarı pillələrə qalxa bilər.
Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.
D.Şlapaçenko vurğulayıb ki, ölkənin qeyri-neft istehsal və ixracını daha da artırması məqsədilə regiondakı böyük iqtisadiyyatlar dəyər zənciri inteqrasiyası üçün hədəf alına bilər: “Məsələn, 2025-ci ildə Avropa İttifaqına qeyri-Avropa dövlətlərindən ümumi idxal təxminən 3 trilyon ABŞ dollarına bərabər olub. Bu, Azərbaycanın Bakı Beynəlxalq Dəniz Limanı və müzakirə etdiyimiz dəmir yolları ilə tamamlanaraq üstünlüklər tapa biləcəyi bir sahədir. Digər tərəfdən, Azərbaycan 4-cü sənaye inqilabının tələb etdiyi bacarıqlarla təchiz olunmuş işçi qüvvəsinə investisiya qoymalıdır. Biz bilirik ki, Azərbaycan insan kapitalı və innovasiya ekosistemləri gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. Bu səylərin üzərində qurmaq çox vacib olacaq”.
O bildirib ki, tənzimləyici bazanın və standartların harmonizasiyasının gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Qlobal ticarət getdikcə daha rəqabətli olduqca, ölkələr xərcləri azaltmaq və rəqabət üstünlüyü əldə etmək üçün bütün mümkün yolları axtarırlar. İstehsal sektoru ixracının genişləndirilməsi və dəyər zənciri inteqrasiyası xüsusilə tənzimləyici fərqlər və ya standartların uyğunsuzluğundan yaranan xərclər daxil olmaqla, əlavə xərclərin minimuma endirilməsindən asılıdır. Burada biz Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsinə yaxından baxmalıyıq, çünki bu, onlara standartlarını beynəlxalq normalarla uyğunlaşdırmağa kömək etdi”.