Almaniyalı istehsalçılar Mərkəzi Asiya xammalını Azərbaycanda emal edə bilər.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, “yaşıl enerji” və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi” mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz üzərində, Bakı Beynəlxalq Dəniz Limanının yanında yerləşən Ələt Azad İqtisadi Zonası xüsusi hüquqi və tənzimləmə rejimi, habelə yüksək əlavə dəyər yaradan və ixrac bazarlarını hədəfləyən investisiyalar üçün ayrılmış platforma təqdim edir: “Almaniya şirkətlərinə təklifimiz sadədir: Azərbaycanda məskunlaşın, lakin daha geniş region üçün işinizi qurun. Almaniyalı istehsalçılar üçün bu, Mərkəzi Asiyadan olan xammalı Azərbaycanda emal edərək Türkiyə və Avropadakı müştərilərə tədarük etmək imkanları yaradır”.