Almaniya və Azərbaycan, o cümlədən iki ölkənin şirkətlərinin istehsal-satış zəncirlərinə daha sıx inteqrasiyası hesabına iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azerbaijan”) icraçı direktoru Narqis Vik əlaqəlilik məsələlərinə dair Almaniya-Azərbaycan konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya və Azərbaycan artıq möhkəm ticari-iqtisadi əlaqələrə malikdir, lakin ənənəvi ticarət çərçivəsindən kənara çıxmaq və əməkdaşlığın yeni istiqamətlərini inkişaf etdirmək lazımdır.
N.Vik qeyd edib ki, bu kontekstdə regional inteqrasiya, “yaşıl” və rəqəmsal dəhlizlər, eləcə də Orta Dəhliz də daxil olmaqla, qarşılıqlı əlaqəlilik xüsusi əhəmiyyət kəsb edir.
“AHK Azerbaijan”ın rəhbəri həmçinin bildirib ki, bu yaxınlarda yaradılmış Almaniya-Azərbaycan Biznes Şurası dövlət və biznes arasında strukturlaşdırılmış dialoq üçün əsas yaradır, həmçinin yeni imkanları müəyyən etməyə, mövcud maneələri aradan qaldırmağa, eləcə də alman və azərbaycanlı tərəfdaşlar arasında konkret layihələr işləyib hazırlamağa imkan verəcək.