Gələn ay Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü keçiriləcək.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, “yaşıl enerji” və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi” mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyul ayında Berlinə rəsmi səfəri yüksək səviyyəli görüşlər və məzmunlu müzakirələrlə yadda qalıb: “Səfər çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyanat imzalanıb, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olunub. Alman tərəfdaşlarımızla birlikdə hazırda bu siyasi dinamikanı maliyyələşdirilə bilən layihələrə çevirmək və onların uğurla icrası üçün tələb olunan maliyyələşməni təmin etmək istiqamətində çalışırıq. Bu səyləri irəlilətmək, hazırda müzakirə olunan konkret təşəbbüsləri davam etdirmək və Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşünü keçirmək məqsədilə bu il noyabrın əvvəlində Almaniyaya səfər etməyi planlaşdırırıq”.