Samir Cəfərov 50 illik yubileyini “Koroğlu” ilə qeyd etdi – Fotolar

Samir Cəfərov 50 illik yubileyini “Koroğlu” ilə qeyd etdi  – Fotolar

Bu gün Heydər Əliyev Sarayında Xalq artisti Samir Cəfərovun 50 illik yubileyinə həsr olunan “Koroğlu” operası nümayiş olunub.

Üzeyir Hacıbəylinin bəstələdiyi, 3 pərdə və 5 şəkildən ibarət opera yubiley proqramı çərçivəsində sənətsevərlərə təqdim edilib.

Yubiley gecəsində Koroğlu (Rövşən) obrazını yubilyar, Xalq artisti Samir Cəfərov canlandırıb. Tamaşa boyunca Azərbaycan klassik opera sənətinin ən möhtəşəm nümunələrindən biri olan “Koroğlu”nun musiqisi və səhnə həlli tamaşaçılara təqdim olunub. Tamaşanın yaradıcı heyətində dirijor Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamlar SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadə, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva yer alıb.

“Koroğlu” operasında Nigar obrazını Fatimə Cəfərzadə, Həsən xan obrazını isə Taleh Yahyayev ilk dəfə ifa ediblər. Tamaşada, həmçinin Əməkdar artist Fəhmin Əhmədli, Xalq artisti Nazim Mahmudov, Əməkdar artist Tural Ağasıyev, Xalq artisti Əkrəm Poladov, Əməkdar artist Əliəhməd İbrahimov, Mirəli Sarızadə, Nəzər Bəylərov və digər sənətçilər iştirak ediblər. Xanəndə qız obrazını Xalq artisti Gülyaz Məmmədova canlandırıb.

Qeyd edək ki, Samir Cəfərov Azərbaycan opera sənətinin tanınmış nümayəndələrindən biridir. Xalq artisti uzun illərdir səhnədə yaratdığı obrazlarla Azərbaycan musiqi mədəniyyətinə töhfə verir.

Lamiyə Məmmədova









Qafqazinfo.