“Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard təşkil edir”

“Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard təşkil edir”

“Hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaqdır”.

Bu sözləri Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş iclasda deyib.

O bildirib ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 mlrd. manat təşkil edir (xərclərin 21%-i).  

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılmışdır. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur”, – deyə Baş nazir vurğulayıb.

Qafqazinfo.