Azərbaycan və Almaniya arasında Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi müzakirə ediləcək.
Müzakirələr AHK Azərbaycanın təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda keçiriləcək Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında baş tutacaq.
Bildirilib ki, tədbir konkret investisiya imkanlarını və əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə yüksək səviyyəli dövlət rəsmilərini, biznes rəhbərlərini, beynəlxalq maliyyə institutlarını və maliyyələşdirmə tərəfdaşlarını bir araya gətirəcək.
Konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, AHK Azərbaycanın icraçı direktoru Nargis Wieck və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkenin açılış çıxışları gözənilir. Eyni zamanda Rəşad Nəbiyevin günün ikinci yarısında keçiriləcək sessiyada əsas məruzə ilə çıxışı nəzərdə tutulub.
Dörd yüksək səviyyəli panel müzakirəsi infrastruktur və enerji, investisiya, nəqliyyat və logistika, eləcə də rəqəmsallaşma mövzularına həsr olunacaq. Müzakirələr infrastruktur ehtiyaclarını, liman və dəmir yollarının inkişafını, ticarət və tranzit əməliyyatlarının səmərəliliyini, kapitalın cəlb edilməsində çoxtərəfli inkişaf banklarının (MDB-lər) və ixrac kredit agentliklərinin (ECA-lar) rolunu, bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin ötürülməsini, həmçinin transsərhəd ticarəti və bağlantıları dəstəkləyən rəqəmsal həlləri əhatə edəcək. İnvestisiya panelində Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi də təmsil olunacaq.