Azərbaycan Texniki Universiteti (AzTU) dayanıqlı inkişaf və “yaşıl universitet” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq “UI GreenMetric World University Rankings 2026” reytinqində Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb.
“UI GreenMetric” dünya universitetlərini dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, ekoloji məsuliyyət və kampusların davamlı idarə olunması üzrə qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. Qiymətləndirmə universitetlərin infrastruktur və kampus mühiti, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə, nəqliyyat, eləcə də təhsil və tədqiqat sahələrində həyata keçirdiyi fəaliyyətləri əhatə edir.
AzTU-nun Azərbaycan üzrə ilk üçlükdə qərarlaşması universitetdə dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqi istiqamətində görülən işlərin nəticəsini əks etdirir.



