Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev arasında görüşdə aparılıb.
E.Rahmon bildirib ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 26 % artaraq 1 milyard ABŞ dollarını ötüb.
Onun sözlərinə görə, Tacikistanda Qazaxıstan kapitalı olan 130-dan çox müəssisə qeydiyyata alınıb, Qazaxıstanda isə Tacikistan tərəfinin iştirakı ilə 580-dən çox müəssisə fəaliyyət göstərir: “Bu gün bizim ümumi vəzifəmiz strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini yeni praktiki nəticələrlə zənginləşdirməkdir”.
K.Tokayev isə qeyd edib ki, Qazaxıstan Tacikistanın TOP-3 ticarət tərəfdaşı sırasına daxildir. Qazaxıstan lideri əlavə edib ki, ölkələr qarşılıqlı tədarüklərin nomenklaturasını genişləndirir, dəmir yolu ilə yük daşımaları artır və işgüzar əlaqələr fəallaşır.