Orxan Məmmədov: “Dövlət satınalmalarında KOB-un iştirak imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir”

Orxan Məmmədov: “Dövlət satınalmalarında KOB-un iştirak imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir”

Dövlət satınalmalarında kiçik və orta biznes (KOB) subyektlərinin iştirak imkanlarının genişləndirilməsi və onlar üçün bərabər rəqabət şəraitinin yaradılması əsas hədəflərdən biridir.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbərinin müavini Orxan Məmmədov “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarında rəqabətin təmin edilməsindən danışarkən bütün iştirakçılar üçün bərabər şəraitin və eyni imkanların yaradılmasının vacibliyi xüsusi qeyd olunmalıdır.

“Bu məqsədlə Dövlət Satınalmalarının Vahid İnternet Portalı yaradılıb. Elektron satınalmaların həyata keçirildiyi bu portal mütəmadi olaraq təkmilləşdirilir. Dövlət satınalmaları sahəsində əsas hədəflərimiz dövlət büdcəsi vəsaitlərindən qənaətlə və səmərəli istifadəni təmin etmək, satınalmalarda əlçatanlığı artırmaq, kiçik və orta biznes subyektlərinin iştirakını təşviq etmək və genişləndirmək, eləcə də effektiv rəqabət mexanizmi formalaşdırmaqdır”, – deyə O. Məmmədov bildirib.

O qeyd edib ki, satınalma proseslərini daha effektiv şəkildə idarə etmək məqsədilə dövlət satınalmalarının vahid internet portalında (etender.gov-az) yeni rəqəmsal həll yolu tətbiqə başlanıb: elan edilən satınalmaların şərtlər toplusu bundan sonra süni intellekt texnologiyası ilə avtomatik qaydada təhlil edilir və yoxlanılır.

Report.