ABŞ Prezidenti Donald Tramp şənbə günü axşam saatlarında İranın yeni planını tezliklə nəzərdən keçirəcəyini, lakin bunun “məqbul olacağını təsəvvür edə bilmədiyini” bildirib.
Floridada Prezident təyyarəsinə (Air Force One) minərkən jurnalistlərə açıqlama verən Tramp, “Mənə sazişin konsepsiyası haqqında məlumat veriblər. İndi isə dəqiq mətni təqdim edəcəklər,” — deyə qeyd edib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən “Tasnim” xəbər agentliyinin şənbə günü yaydığı məlumata görə, rəsmi Tehran ABŞ-ın təklifinə 14 bənddən ibarət cavab layihəsi təqdim edib.
“Tasnim” bildirir ki, ABŞ iki aylıq atəşkəs təklif etsə də, İran tərəfi “məsələlərin 30 gün ərzində həll olunmalı olduğunu” və danışıqların atəşkəsin uzadılmasına deyil, “müharibənin dayandırılmasına” yönəlməli olduğunu hesab edir.
İran rəsmiləri hələlik sözügedən cavabın detalları ilə bağlı rəsmi şərh verməyiblər.
Prezident, həmçinin cümə günü axşam səsləndirdiyi fikirlərə də aydınlıq gətirib. O, həmin vaxt: “Düzünü desəm, bəlkə də heç bir razılığa gəlməməyimiz daha yaxşıdır. Həqiqəti bilmək istəyirsiniz? Çünki bu vəziyyətin belə davam etməsinə imkan verə bilmərik,” — demişdi.
Şənbə günü isə Tramp jurnalistlərə: “Mən belə deməmişəm,” — deyə bildirib.
O, sözlərinə belə düzəliş edib: “Mən dedim ki, əgər biz indi oranı tərk etsək, onların bərpası üçün 20 il lazım olar. Lakin biz hazırda oranı tərk etmirik”.