Ermənistanda 20 ildən çox əvvəl baş vermiş dövlət əmlakının özgəninkiləşdirilməsi zamanı mümkün pozuntular faktı ilə bağlı cinayət işi başladılıb.
Bu barədə Baş Prokurorluqdan bildiriblər.
Söhbət Araqatsotn vilayətinin Aştarak icmasının Kasax dərəsinin istirahət zonasında yerləşən Van Lake Paradise restoran kompleksinin, həmçinin ona bitişik 2,56 hektar sahəli torpaq sahəsinin özgəninkiləşdirilməsindən gedir.
Məlumata görə, dövlət mülkiyyətində olan bina və tikililərin özgəninkiləşdirilməsinə müdafiə nazirinin məruzəsi əsasında hökumətin müvafiq qərarı ilə icazə verilmişdi. Həmin dövrdə müdafiə idarəsinə ölkə prezidenti seçilməzdən əvvəl Serj Sarqsyan rəhbərlik edirdi. Əmlakın fiziki şəxsə birbaşa 500 min dollara satılmasına icazə verilmişdi. Bununla yanaşı, prokurorluğun müəyyən etdiyi kimi, hələ 1997-ci ildə eyni əmlakın dəyəri 500 min dollar olaraq qiymətləndirilmişdi. Bundan sonra restoran kompleksi genişləndirilmiş, tikililər əlavə edilmiş və abadlaşdırılmışdı. Lakin özgəninkiləşdirmədən cəmi bir il sonra, 26 aprel 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən, onun ləğvetmə dəyəri artıq 700 min dollar olaraq müəyyən edilmişdi.