Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb.

Bu barədə “Report”a AQTA-dan məlumat verilib.

Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.

Həmçinin “Rabisafe” baytarlıq preparatının Azərbaycanda istehsalının təşkili və Belarusun “BelAqroGen” elmi-istehsalat mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qeyd olunub ki, Belarusun qida təhlükəsizliyi sisteminin ekvivalentliyi AQTA tərəfindən tam həcmdə tanınıb. Hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Reyestrində Belarus mənşəli 123 qida obyekti qeydiyyatdadır.

Report.