“Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur”

“Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur”

“Hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın formalaşması üçün addımlar atılır. Lakin müəyyən xarici dairələr regionumuzda sülhün təmin olunmasına maraqlı deyil. Bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmağa xidmət edən mövqe sərgiləyirlər”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkəmizə qarşı daim qərəzli mövqe nümayiş etdirən təşkilatlardan biri Avropa Parlamentidir.

Torpaqlarımız işğal altında olanda təcavüzkar Ermənistana qarşı heç bir addım atmayan bu təşkilat ölkəmizi “insan hüquqları və demokratiya” bəhanəsi ilə hədəfə alırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanın “vəkili” rolunda çıxış etməklə Avropa Parlamenti gerçək simasını aşkara çıxardı.

Onun sözlərinə görə, Avropa Parlamentinin son plenar sessiyasında da ölkəmizə qarşı növbəti qətnamənin qəbul olunması isə təşkilatın riyakarlığını bir daha üzə çıxarır. Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların” olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar altına atılmasıdır. Nəzərə alaq ki, Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur.

Millət vəkili deyib ki, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyevin əfv sərəncamları və qəbul olunmuş amnistiya aktları da bunun bariz nümunəsidir.

Samir Vəliyev qeyd edib ki, təşkilatın qətnamələrinin ölkəmizə qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü yoxdur. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkar olunması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. İkili standartlar, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinin əsasını təşkil edir.

“Artıq Milli Məclis may ayında Avropa Parlamenti ilə bütün əlaqələrin dayandırılması haqqında qərar qəbul edib. Milli Məclis təşkilatın son qətnaməsinə də münasibət bildirib. Milli Məclis Avropa Parlamentini ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə, dövlətimizin daxili işlərinə qarışmamağa çağırıb. Eyni zamanda, bəyan edib ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz. Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bütün bunların fonunda  Avropa Parlamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün uğursuz cəhdlər edir. Amma unutmamalıdırlar ki, dövlətimiz güclüdür və heç bir qüvvə bizimlə diqtə dilində danışa bilməz!”, – deyə deputat vurğulayıb.