Ziddiyyətlərin sosiologiyası – Azərbaycanda proqress, Türkiyədə reqress

Ziddiyyətlərin sosiologiyası  – Azərbaycanda proqress, Türkiyədə reqress

Türkiyədə ildə bir neçə dəfə “dostumuz kim, düşmənimiz kim” sualı ilə sosioloji tədqiqatlar aparılır. ASAL şirkətinin fevralda apardığı araşdırmada respondentlərin 66 %-i Azərbaycanı dost, 20,5 %-i düşmən hesab etmişdi. Avqust ayında keçirilən sorğuda isə rəyi soruşulanlar arasında Azərbaycanı dost hesab edənlər 56,5%, düşmən sayanlar 24, 9% olmuşdu.

Başqa sözlə, bu, o deməkdir ki, fevral-aqvust ayları ərzində Azərbaycanı Türkiyədə dost hesab edənlər azalıb, düşmən zənn edənlər artıb. Belə getsə, Türkiyə cəmiyyətinin nəzərində qardaş dövlət Azərbaycan deyil, CAN YAPONİYA olacaq.

Bu statistikanı PKK-ya, FETÖ-yə, açıq və gizli ermənilərə, Türkiyə siyasətinin sevimli ifadəsi ilə desəm, “dış mıhrak”lara bağlamaq tam mümkün deyil. İki statistikanı müqayisə etdikdə məlum olur ki, ABŞ-ni Türkiyədə dost sayanlar da, düşmən bilənlər də azalıb. Rusiyaya rəğbət bəsləyənlərin kütləsində prinsipial bir dəyişiklik olmayıb, amma Kremlə düşmən kimi baxanlar da azalıb. İsraili müsbət qarşılayan azsaylı kəsimin sıraları daha da seyrəlib, adı gələndə hiddətlənənlər bir qədər də artıb. İndi bu rəqəmləri sırf sosioloji baxımdan bircə-bircə təhlil etməyə lüzum yoxdur.

Acı gerçəklik budur ki, Türkiyədə Azərbaycana qarşı, Media və Yayım Şurasının bəyanatında da əks olunduğu kimi, heç də ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri olmayan, məqsədyönlü və koordinasiya olunan kampaniya aparılır.

Bu kampaniyanı ortaya çıxaran zehniyyəti doğru müəyyənləşdirmədən yaşanan problemini məğzi aydınlığa qovuşa, deməli, çözülə də bilməz.

Azərbaycan və Türkiyə arasında yaranan gərginliyin əsas mənbəyi Azərbaycanın proqresindən və Türkiyənin reqresindən doğan ziddiyyətlərdir. Azərbaycan bir dövlət olaraq tərəqqi yolunda qətiyyətlə irəlilədiyi halda, Türkiyə cəmiyyətinin orta çağ cəhalətinə sürükləndiyi, qardaş ölkədə irticanın genişləndiyi bir faktdır. Bu proses illərdir davam edir. Diqqət edin, dünyanın müasir siyasi xəritəsində mövcud olan bütün dövlətlər milli dövlətlərdir. Yeni çağdakı bütün tərəqqipərvər cəmiyyətlər milli kimliyini dini kimlikdən önə çıxararaq tarix yaradırlar. Türkiyədə son on ildə bu proses tam tərsinə cərəyan edir. Dini kimlik milli kimlikdən önə çıxır, konfessiyalar, təriqətlər, camaatlar leqal siyasi institutları ələ keçirir, milli müəssisələri sıxışdırır. Bu prosesin genişlənməsi üçün bir məzlum və bir də zalım obrazına ehtiyac var. Türkiyənin bütün propoqanda maşını illərdir Fələstini məzlum göstərir, İsrailin düşmən obrazını yaradır. Niyə? Həm də ona görə ki, ümmətçi zehniyyətin milli, ulusçu dünyagörüşü üstələməsi Türkiyədə neo-imperial nostalgiya və xülyaları tətikləyir, yeni-osmanlıçılıq da öz növbəsində xilafət həsrəti çəkənləri bəsləyir.

İkinci Qarabağ Savaşında heç kimin təmənnasız yardımı olmadan, heç kimdən minnət qəbul etmədən, uzun illər ərzində təşkilatlanaraq və güclənərək tarixi zəfər qazandıq. Bu böyük qələbə Azərbaycan cəmiyyətinin özünə inamını artırdı, müstəqillik idealına sədaqəti gücləndirdi. Azərbaycan Respublikasının konsititusion fəlsəfəsində əks olunan prinsiplər əsasında ideoloji sistemimizi yenidən nəzərdən keçirdik. Bir daha gördük ki, Azərbaycançılıq məfkurəsi istər bizim tarixi milli kimliyimizi, istərsə də hədəflərimizi çox dolğun əks etdirir. Hədəfimiz yeni dünya nizamında Orta Güc olmaqdır. Sekulyarlığa sahib çıxmayan Azərbaycan bir Orta Güc dövləti ola bilməz. Azərbaycançılığın təməl daşlarından biri də məhz sekulyarlıqdır. Bu gün sekulyarlıq öz intellektuallarının da çox düzgün qeyd etdiyi kimi, böhran keçirir. Rəsmən elan edilməsə belə, “Yeni Osmanlı xülyaları” Türkiyə Cümhuriyyətinin bütün siyasi və ideoloji sistemini inhisara aldıqca, Türkiyənin geopolitik problemləri də dərinləşir və xarici siyasəti rasional məcradan çıxır.

Əlbəttə, Azərbaycanda hər kəs kimi mən də çox istəyərəm ki, Türkiyənin Yaxın və Orta Şərqdə regional rolu güclənsin. Amma reallıq odur ki, Türkiyə ərəb dünyasına Fələstin məsələsi üzərindən nüfuz etmək istəyir, Fələstinin rəsmi bayrağı isə Osmanlıya qarşı qaldırılmış üsyanın simvoludur. Yeni Osmanlı macəraçılarının Türkiyə Cümhuriyyətinin dəyərlər sistemini, ülkülərini uğruna riskə atdıqları Fələstinin başının üstündə Osmanlıya qarşı nifrət bayrağı dalğalandırır. İndi taleyin bu ironiyasını necə həll edəcəklər, o bayrağı necə dəyişəcəklər, məchuldur.

Lakin bizim Türkiyəyə mesajımız aydın və qətidir.

Biz Rusiya, İran, Qərb neo-imperalizmini qəbul etmədiyimiz kimi, Yeni Osmanlı xəyallarını da Azərbaycanın müstəqilliyinə qəsd sayırıq.

Azərbaycan dünyanın heç bir paytaxtından, o cümlədən Ankaradan idarə oluna bilməz.

Bizim istər tarixi, istərsə də müasir baxımdan öz müstəqil inkişaf xəttimiz və məqsədlərimiz var.

Bu torpaqlarda nə əkmişiksə və nə biçmişiksə, özümüzə məxsusdur. “Yeyəndə ortaq qardaş” yanaşması ilə heç kimə Azərbaycana neo-imperial maraqlar müstəvisi kimi baxmağa izn verəcək deyilik.

Sevindirici haldır ki, Azərbaycanın bu haqlı, doğru və əsaslı mövqeyi Türkiyənin bir çox rasional siyasi xadimləri, qənaət öndərləri tərəfindən də dəstəklənir. Zəfər Partiyasının başqanı Ümid Özdağın, İYİ partiya lideri Müsavat Dərvişoğlunun, əziz dostum Adnan Bulutun, Azərbaycanın hər zaman doğma övladı saydığı Atilla Kayanın son günlər verdiyi açıqlamalar kifayət qədər pozitiv ruha malikdir. Bizim gördüyümüz yanlışların üzərinə cəsarətlə gedən bu isimləri qutlayıram. Türk dünyası üçün qut Xəlil paşalar deyil, məhz bu qardaşlıq fəlsəfəsinə sahib çıxan türk insanıdır.

Bu baxımdan Türkiyə Ülkü Ocaqlarının əfsanəvi başqanı Atilla Kayanın yazdığı bu cümlələrə diqqət yetirmək lazımdır:

 “Türkiyə islamçı / məzhəbçi siyasətlərin bədəlini hələ də ödəməkdəykən, baş verənlərdən dərs çıxarmaq əvəzinə, eyni düşüncənin sahibləri tərəfindən bir müddətdir “bir millət, iki dövlət” şüarını paylaşdığımız Azərbaycanla münasibətlər hədəfə alınır. Türkiyədə oğurluq, korrupsiya, ədalətsizlik başda olmaqla, törədilən hər cür əyriliyin üstünü örtmək məqsədilə alətə çevrilən islamçılığın xarici münasibətlərdə də istifadə olunması, sanki Türkiyə üçün kifayət qədər böyük təhlükə deyilmiş kimi, bu islamçı / məzhəbçi siyasətlər Azərbaycana da qəbul etdirilmək istənilir. Ziya Gökalpın qurucu ata sayıldığı türk millətçiliyinə və Türkiyə Cümhuriyyətinə aidiyyət hiss edən heç kəs Gökalpın ilk ilhamlarını aldığı Hüseynzadə Əli bəyin mirasını daşıyan Azərbaycanı sorğu-suala çəkməyə, ona hesab sormağa qalxmamalıdır. “Dövlət ağlı”nın mövcudluq şərti dünyəvilikdir. Hüququn mənbəyini dinə bağlayan, dini / məzhəbi maraqları milli maraqlardan üstün tutan siyasət nə dövlət ağlının təmsilçisi ola bilər, nə də millətçiliyin heç bir tərifinə görə dünyanın heç bir yerində millətçi sayıla bilər. Rişelye kardinal olmasına baxmayaraq, “məni Papalığın deyil, Fransanın maraqları maraqlandırır” dediyi üçün Qərbdə “Dövlət ağlı”nın qurucu atalarından biri hesab olunur. Azərbaycan- islamçı düşüncənin anlamadığı və düşüncə tərzini dəyişmədiyi müddətcə də anlaya bilməyəcəyi bir həqiqəti – milli marağı dinin, məzhəbin və sinfin maraqlarından üstün tutmağın zəruriliyini və bunun ən mühüm şərtinin dünyəvilik olduğunu dərk edib. Bu vəziyyət həm iki dövlət, həm də bir millət üçün narahatlıq deyil, ümid mənbəyi olmalıdır”.
Bəli, Azərbaycan cəhalətə, Orta çağ və Orta Şərq bataqlığına sürüklənən Türk üçün bir ümid qaynağıdır. Bizim ümidimizi, inamımızı, özümüzə və gələcəyimizə güvəncimizi nə İrandakı mürtəce zehniyyətlər qıra bilər, nə də Turandakı.

Bu arada bolşevik ordusunun önünə düşüb Azərbaycanın üstünə şığıyan Necati bəylər də Azərbaycanda iflasa uğramışdır…

Taleh Şahsuvarlı 

Qafqazinfo.