BAAU və BSU arasında əməkdaşlıq perspektivləri müzakirə olundu – Fotolar

BAAU və BSU arasında əməkdaşlıq perspektivləri müzakirə olundu  – Fotolar

Bakı Avrasiya Universitetinin (BAAU) nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub.

Görüşdə hər iki ali təhsil müəssisəsinin rektorları və nümayəndə heyətləri iştirak ediblər.

BSU-nun rektoru, dosent Anar Nağıyev BAAU-nun rektoru və nümayəndə heyətini salamlayaraq universitetin fəaliyyəti, təhsil və elmi-tədqiqat istiqamətləri, eləcə də son dövrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Dosent Anar Nağıyev BSU-nun 80 illik yubileyi ərəfəsində həm yerli, həm də xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verildiyini bildirib. Rektor ortaq təhsil proqramlarının hazırlanması, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi, elmi-tədqiqat layihələrinin, seminar və konfransların təşkili baxımından universitetlər arasında əməkdaşlığın geniş imkanlar yaratdığını qeyd edib. O, BAAU ilə qurulacaq əməkdaşlığın hər iki universitet üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

BAAU-nun rektoru, dosent Səyavuş Qasımov dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib, BSU-nun ölkənin ali təhsil sistemində özünəməxsus yeri və zəngin akademik ənənələrinin olduğunu vurğulayıb. O, dos. Anar Nağıyevin rəhbərliyi dövründə universitetdə müşahidə olunan inkişaf dinamikasını, idarəetmədə müasir yanaşmaların tətbiqini, beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi fəaliyyətin və tələbəyönümlü mühitin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Dos. Səyavuş Qasımov BAAU-nun fəaliyyəti, son illərdə həyata keçirilən institusional inkişaf tədbirləri, beynəlmilləşmə, elmi-tədqiqat və tədris sahəsində görülən işlər barədə məlumat verib. O, iki universitetin akademik profilində bir sıra ortaq istiqamətlərin mövcud olduğunu və bu potensialın konkret birgə layihələrə çevrilməsinin məqsədəuyğunluğunu qeyd edib.

BAAU-nun rektoru regionşünaslıq sahəsində iki universitetin mövcud elmi və akademik imkanlarının birləşdirilməsini, bu istiqamətdə birgə tədqiqat və ekspert platformasının formalaşdırılmasını, tələbə və müəllimlərin daxili akademik mobilliyinin təşviqini, eləcə də ortaq sertifikat və təhsil proqramlarının hazırlanmasını perspektivli əməkdaşlıq istiqamətləri diqqətə çatdırıb. Həmçinin universitetlərin dil və mədəniyyət mərkəzləri arasında əlaqələrin qurulması, birgə elmi nəşrlərin və tədqiqat layihələrinin hazırlanması, beynəlxalq proqram və qrant layihələrində ortaq iştirak imkanlarının araşdırılması təklif olunub.

Görüş zamanı universitetlər arasında əlaqələrin inkişaf etdirilməsi, birgə elmi tədqiqatların aparılması, ortaq təlim və təhsil proqramlarının hazırlanması, müəllim və tələbə mübadiləsinin təşkili, seminar, təlim, elmi konfrans və digər akademik tədbirlərin yerli və beynəlxalq səviyyədə keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın formal çərçivə ilə məhdudlaşmamasının, konkret və nəticəyönümlü layihələr əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdən sonra BAAU-nun nümayəndə heyəti BSU-nun tədris infrastrukturu, auditoriyaları, kitabxanası, laboratoriyaları və tələbələr üçün yaradılmış şəraitlə tanış olub.









Qafqazinfo.