Bu ilin sonunadək qızılın 1 troya unsiyasının qiyməti 4 800–4 900 ABŞ dolları arasında dəyişə bilər.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Qızıl sabitləşir, gümüşə təzyiq davam edir
Onun sözlərinə görə, dünya qızıl bazarında son günlər müşahidə olunan ucuzlaşmadan sonra sabitləşmə əlamətləri görünür: “Gümüş bazarında isə qiymətlərə təzyiq davam edir. Bu dinamika əsasən pul-kredit siyasəti ilə bağlı gözləntilərin dəyişməsi və maliyyə vəsaitlərinin müxtəlif aktivlər arasında yenidən bölüşdürülməsi ilə əlaqədardır.
Enerji daşıyıcılarının, xüsusilə neftin bahalaşması istehsal və logistika xərclərini artıraraq inflyasiya gözləntilərini gücləndirə bilər. Bu isə ABŞ Federal Ehtiyat Sisteminin sərt pul-kredit siyasətini davam etdirməsi ehtimalını artırır. Faiz dərəcələrinin yüksək qalması, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması və dolların möhkəmlənməsi qızılın qiymətinə təzyiq göstərir. Qızıl müntəzəm faiz gəliri yaratmadığından, gəlir gətirən maliyyə alətlərinin cəlbediciliyi artdıqca onu saxlamağın alternativ xərci də yüksəlir”.
R.Əmircanov qeyd edib ki, beynəlxalq siyasi və təhlükəsizlik mühitində gərginlik, dövlət borclarının artması və mərkəzi bankların qızıl alışları qiymətli metala tələbi dəstəkləyir: “Bu amillər qızılın ehtiyat aktivi və uzunmüddətli dəyər qoruma vasitəsi kimi əhəmiyyətini saxlamasına şərait yaradır. Mövcud bazar şəraiti ilin sonunadək qızılın qiymətində tədricən bərpa və artım üçün iqtisadi zəmin yaradır. Bu çərçivədə 1 troya unsiyasının qiymətinin 4 800–4 900 ABŞ dolları səviyyəsinə yüksəlməsi real ssenari kimi qiymətləndirilir. Bununla belə, yüksəliş müvəqqəti qiymət enişləri və sabitləşmə mərhələləri ilə müşayiət oluna bilər. Bu ssenarinin reallaşması pul-kredit siyasətinin istiqamətindən və beynəlxalq hadisələrdən asılı olacaq. Xüsusilə ABŞ-nin məşğulluq və inflyasiya göstəriciləri bazar gözləntilərinin formalaşmasında mühüm rol oynayacaq. Həmin məlumatlar pul siyasətinin sərtləşdirilməsi ehtimalını gücləndirərsə, gözlənilən bərpa ləngiyə bilər”.
Azərbaycan bazarına təsir
İqtisadçı deyib ki, beynəlxalq kotirovkalar Azərbaycanda qızılın qiymətinə təsir göstərir: “Hazır zərgərlik məmulatlarının pərakəndə satış qiyməti isə metalın dəyəri ilə yanaşı, istehsal və emal, idxal, logistika və satış xərcləri, daşların keyfiyyət və dəyər göstəriciləri, dizayn, brend və ticarət əlavəsi nəzərə alınmaqla formalaşır. Bir qram ərintinin tərkibindəki qızılın hesablanmış baza dəyəri 585 əyar üzrə təxminən 132 manat, 750 əyar üzrə 169 manat, 999,9 əyar üzrə isə 226 manat təşkil edir. Yerli bazar üzrə təqdim edilmiş təxmini pərakəndə satış qiymətləri 1 qram üçün 585 əyar üzrə 150–180 manat, 750 əyar üzrə 190–220 manat, 999,9 əyar üzrə isə 250–280 manat aralığında dəyişir. Bu qiymətlər məhsulun xüsusiyyətlərinə və satış məntəqəsinə görə fərqlənir. İlin sonunadək yerli bazarda qiymətlərin istiqaməti beynəlxalq kotirovkalardan, daxili tələb və təklifdən, eləcə də tədarük və satış xərclərindən asılı olacaq”.
Qiymətli daşlar bazarında vəziyyət
R.Əmircanov bildirib ki, son illərdə təbii almazların topdansatış qiymətlərində 30–35 % geriləmədən sonra ayrı-ayrı bazar seqmentlərində nisbi sabitləşmə və qiymətlərin qismən bərpası müşahidə olunur: “Əvvəlki eniş meyli zəifləsə də, bu dinamika bütün daş kateqoriyalarını eyni dərəcədə əhatə etmir. Qiymətlərin istiqaməti karat çəkisi, rəng, saflıq, təraşlanma keyfiyyəti və tələb-təklif nisbətindən asılı olaraq fərqlənir. Laboratoriyada yetişdirilmiş almazların qiymətlərində isə təklifin artması və rəqabətin güclənməsi fonunda azalma davam edir. Yaqut, sapfir, zümrüd kimi rəngli daşların qiymətləri onların nadirliyi, keyfiyyəti, mənşəyi və tətbiq edilmiş emal üsullarından asılıdır. Buna görə bütün qiymətli daşlar üzrə vahid bahalaşma və ya ucuzlaşma meylindən danışmaq düzgün olmaz”.