İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək.
Bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının məlumatında bildirilib.
Qeyd olunub ki, ABŞ öhdəliklərinə əməl etməyərək İranın cənubuna zərbələr endirib.
“İran İslam Respublikasının Silahlı Qüvvələri Amerikanın təcavüzünə sarsıdıcı cavab verəcək və heç bir halda onların Hörmüz boğazının işlərinə və idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək”, – bəyanatda vurğulanıb.
Həmçinin Hörmüz boğazında ticarət gəmilərinin və neft tankerlərinin gediş-gəlişi üçün yeganə təhlükəsiz keçidin İslam Respublikasının müəyyən etdiyi marşrut olduğu bir daha qeyd edilib.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.