Ali Məhkəmənin mənzillərin sahəsinin hesablanması ilə bağlı hüquqi mövqeyi daşınmaz əmlak bazarında uzun illərdir müzakirə olunan mühüm məsələlərdən birinə aydınlıq gətirir.
Bunu “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, məhkəmənin bu məsələdə ilk növbədə müqavilə şərtlərinin, xüsusi qayda müəyyən edilmədiyi hallarda isə mənzilin faktiki işçi sahəsinin əsas götürülməsini vurğulaması düzgün yanaşmadır: “Sözügedən mövqe problemin hüquqi tərəfini izah etsə də, məsələnin tam həlli üçün sistemli yanaşmaya ehtiyac var. Əsas problem tikinti şirkətləri ilə daşınmaz əmlak reyestrində sahənin fərqli metodologiyalar əsasında hesablanmasıdır. Tikinti şirkətləri müqavilələrdə mənzilin sahəsini bir metodla hesablayır və ödəniş də həmin sahəyə görə alınır. Lakin çıxarış verilərkən reyestrdə normativ əmsallar tətbiq olunduğundan mənzilin sahəsi azalır ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.
V.Orucun fikrincə, bu ziddiyyətin aradan qaldırılması üçün iki variant mümkündür: ya tikinti şirkətləri satış zamanı da reyestrin tətbiq etdiyi hesablama qaydasını əsas götürməli, ya da çıxarışlar müqavilədə göstərilən sahəyə uyğun verilməlidir.
“Eyvan və terras kimi sahələr normativ qaydada aşağı əmsalla qiymətləndirilirsə, eyni prinsip satış zamanı da tətbiq edilməlidir. Vahid metodologiyanın tətbiqi həm vətəndaşların hüquqlarının qorunmasına, həm də daşınmaz əmlak bazarında şəffaflığın və etimadın güclənməsinə xidmət edəcək. Ali Məhkəmənin bu hüquqi mövqeyi gələcəkdə normativ bazanın təkmilləşdirilməsi üçün də mühüm əsas yarada bilər”, – deyə o vurğulayıb.