Avqustun 10-da Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümündə baş tutub və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub.
Görüş zamanı tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyət və növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Bu çərçivədə, müvafiq anlaşmaların həyata keçirilməsinin irəlilədilməsi, habelə TRIPP-in maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunmasına töhfə vermək potensialının reallaşdırılması istiqamətində səylər müzakirə edilib.
Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesə dair fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib.
Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib və əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.
Vaşinqtonda Azərbaycan xarici işlər nazirinin müavini, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini və Ermənistan xarici işlər nazirinin müavini arasında keçirilmiş üçtərəfli görüşə dair mətbuat məlumatı
⬇️⬇️⬇️https://t.co/RgkIlOpFNv
————————–
Press…— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) August 11, 2026