“Heç vaxt işğalla barışmayın”.
Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmtri Qordonun sualına cavab olaraq bildirib.
“Hesab edirəm ki, nə Ukrayna xalqının, nə də Ukrayna rəhbərliyinin mənim məsləhətimə ehtiyacı var idi. Amma bu gün də həmin tövsiyəni təkrarlayardım: Heç vaxt işğalla barışmayın. Ukrayna da məhz bunu edir. O, işğalla barışmır. Baxmayaraq ki, ötən il ərzində çox çətin məqamlar yaşandı. Biz müəyyən dairələrin döyüş əməliyyatlarının faktiki olaraq işğalın rəsmiləşdirilməsi şərti ilə dayandırılması barədə təzyiqlərinin şahidi olduq. Lakin nə Ukrayna xalqı, nə də onun rəhbərliyi buna razılıq verdi.
Qarşı tərəfə hansı məsləhəti verəcəyimə gəlincə, əgər onlar məndən soruşsalar, əlbəttə, fikrimi bildirərəm. Ancaq hesab edirəm ki, sizin sualınız çərçivəsində bu barədə danışmaq düzgün olmaz. Müharibənin gələcək perspektivinə dair qiymətləndirməmə gəlincə, düşünürəm ki, bu, sizin baxışınızdan ciddi şəkildə fərqlənmir. Mən hesab edirəm ki, artıq çoxdan hər kəs anlamalı idi ki, bu müharibə dayandırılmalıdır.