Türkiyədə məzun olan Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini başa vurublar.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

Bildirilib ki, hərbi qulluqçular iki ölkə arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar.

Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.

Report.