2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Muhsin Yazıcıoğlunun sui-qəsdə qurban getdiyi üzə çıxıb.
Bu barədə “TRT Haber”in canlı yayımında Türkiyənin ədliyyə naziri Akın Gürlek danışıb.
Nazir bildirib ki, helikopter qəzasından əvvəl həmin ərazidən “F-4” qırıcı təyyarəsinin keçdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, hadisənin “Fətullahçı” terror təşkilatı (FETÖ) tərəfindən törədildiyinə dair ciddi dəlillər əldə edilib. Belə ki, həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün “Türk Silahlı Qüvvələrindəki imamı” kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində tapılıb.
“İstintaq nəticəsində əldə olunmuş dəlillər bu işin FETÖ tərəfindən törədildiyi yönündədir. Yazıcıoğlu FETÖ-nün hədəfində idi”, – A. Gürlek bildirib.
Qeyd edək ki, 2009-cu ilin martında içində M. Yazıcıoğlunun olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb.