Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat

Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat

Sosial müdafiənin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin inkişafı və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması Azərbaycan dövlətinin hər zaman əsas prioritetləri sırasında olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü də məhz bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.

Birinci vitse-prezidentin bu təşəbbüsünü Prezident İlham Əliyev də müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib və tibb işçilərinin maaşlarını artırıb. Yeni mexanizmdə nələr nəzərdə tutulub? İlk növbədə bu təşəbbüs mövcud kadrların motivasiyasını artıracaq, bölgələrdə xidmət göstərmək istəyən və xaricdə çalışan həkimlər üçün əlverişli zəmin yaradacaq, həm də pasiyentlərin səhiyyə sisteminə olan inamını yeni mərhələyə qaldıracaq.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq.

Bu islahat dalğası çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisi artımlardan yararlanacaq.

Tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldilməsi üçün TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.

Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yəni bu qərar xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur.

Xüsusilə kritik və dar ixtisaslar üzrə çalışan həkimlərin əməkhaqqında kəskin faiz artımları diqqət çəkir. Belə ki, neonatoloqların əməkhaqqı 66 faiz (950 manat), hemodializ həkimlərinin maaşı 55 faiz (800 manat) artırılıb. Regionlarda kadr çatışmazlığı yaşanan dar ixtisaslar, mama-ginekologiya, neyrocərrahiyyə, uşaq, ürək-damar, üz-çənə cərrahiyyəsi və travmatologiya həkimlərinin aylıq əməkhaqqında isə 48 faizlik (700 manat) ciddi artım nəzərdə tutulub. Bununla yanaşı, islahat kütləvi xarakter daşıyaraq 36 mindən çox orta tibb işçisinin maaşını 17 faiz, 20 mindən çox kiçik tibb işçisinin əməkhaqqını isə 18 faiz yüksəldir.

Regionlarda kadr çatışmazlığının aradan qaldırılması və həkimlərin bölgələrdə işləmə həvəsinin artırılması da bu islahatın ana xəttini təşkil edir. Bu çərçivədə regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq. Yaradılan əlverişli maliyyə və iş şəraiti, eyni zamanda, xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı azərbaycanlı mütəxəssislərin yenidən ölkə səhiyyəsinə cəlb olunmasına və dövlət tibb müəssisələrində çalışmalarına güclü təkan verəcək.

Xüsusi vurğulanmalıdır ki, son illər Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeni xəstəxanaların və tibb müəssisələrinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təminat, icbari tibbi sığorta sisteminin tətbiqi və idarəetmədə aparılan islahatlar səhiyyənin inkişafında yeni mərhələ yaradıb. Lakin bütün bu yeniliklərin mərkəzində insan amili dayanır.

Məhz buna görə də tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması səhiyyə islahatlarının ayrılmaz hissəsi hesab olunmalıdır. Mehriban Əliyevanın təşəbbüsü bu baxımdan yalnız əməkhaqqının artırılması məsələsi deyil, həm də səhiyyə sahəsində insan kapitalına qoyulan sərmayənin gücləndirilməsi deməkdir.

Digər mühüm bir məsələ ondan ibarətdir ki, əməkhaqqının artırılması tibb işçilərinin sosial rifahına müsbət təsir etməklə yanaşı, onların peşə fəaliyyətinə motivasiyasını da artırır. Səhiyyə kimi məsuliyyətli bir sahədə isə motivasiya xüsusi əhəmiyyət daşıyır. Çünki burada söhbət yalnız bir peşədən deyil, insan həyatından və sağlamlığından gedir. Bu baxımdan 72 mindən çox tibb işçisini əhatə edən sosial təşəbbüs Azərbaycan səhiyyəsində yeni motivasiya mühitinin yaranmasına mühüm töhfə verəcək.

Beləliklə, Mehriban Əliyevanın sosial təşəbbüsü təkcə minlərlə tibb işçisinin əməkhaqqının artırılması ilə məhdudlaşmır. Bu addım səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, sosial ədalətin təmin olunması, tibb işçilərinin peşə nüfuzunun artırılması və bütövlükdə daha güclü səhiyyə sisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir.

72 mindən çox tibb işçisi üçün bu qərar xoş xəbər olmaqla yanaşı, Azərbaycan dövlətinin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə işçilərinin əməyinə, sosial rifahına və gələcəyinə verdiyi dəyərin növbəti bariz ifadəsidir.

Ümumiyyətlə, Mehriban Əliyeva uzun illərdir sosial, humanitar və səhiyyə sahələrində həyata keçirilən layihələrə xüsusi diqqət yetirir. Onun fəaliyyəti cəmiyyətdə sosial həmrəyliyin, humanizm prinsiplərinin və insanların rifahının yüksəldilməsi ideyalarının təşviqi ilə seçilir. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təşəbbüs də bu siyasətin məntiqi davamı kimi dəyərləndirilə bilər.

Bu addımın digər əhəmiyyəti ondan ibarətdir ki, səhiyyə işçilərinin problemlərinə yalnız peşə məsələsi kimi deyil, dövlətin sosial siyasətinin mühüm istiqaməti kimi yanaşılır. Həkimin və tibb işçisinin sosial rifahı nə qədər yüksək olarsa, onun öz peşəsinə daha böyük diqqət və enerji sərf etməsi üçün imkanlar da bir o qədər geniş olar.

Beləliklə, TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışan minlərlə insanın sosial vəziyyətinə müsbət təsir göstərəcək mühüm sosial addım kimi qiymətləndirilir. Bu, həmçinin gənclərin tibb peşəsinə marağının artmasına, peşəkar kadrların səhiyyə sistemində fəaliyyətini davam etdirməsinə və insan resurslarının daha da güclənməsinə şərait yarada bilər.

Report.