Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh tərəfdarı kimi öz niyyətinin ciddiliyini təsdiqləməlidir.
Bu barədə “The National Interest” saytında dərc olunan məqalədə bildirilib.
Məqalənin müəllifi qeyd edib ki, otuz ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsi ərzində Aİ sülh prosesində özünü vasitəçi kimi mövqeləndirib. Müəllifin fikrincə, lakin bir sıra hallarda Brüssel qərəzsiz vasitəçidən daha çox Ermənistanın müdafiəçisi rolunda çıxış edərək səhvlərə yol verib:
“Avropa İttifaqı Qafqazdakı maraqlarını müdafiə etməyə və ya qorumağa həvəssiz yanaşır. Bu zaman isə region onu etibarlı vasitəçi kimi görmür”.
Materialda, həmçinin vurğulanıb ki, əgər Aİ həqiqətən regionda davamlı sülhə nail olmağa çalışırsa, onun rəhbərliyi rəsmi İrəvana təsir göstərməli, Ermənistan hökumətini konstitusiya islahatları aparmağa və əsas qanundan Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları çıxarmağa çağırmalıdır.
“Sülh yolunda son ciddi maneə Ermənistanın Azərbaycana qarşı konstitusion ərazi iddiaları olaraq qalır. Onların aradan qaldırılması üçün referendum tələb olunacaq. Brüssel Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh prosesini icra edəcəyinə zəmanət vermək üçün rıçaqlardan (Ermənistana təzyiq – red.) istifadə etməlidir”, – məqalədə bildirilib.
Müəllif qeyd edib ki, son vaxtlar ABŞ Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək siyasətində uğur qazanıb: “Brüsselin uğursuz olduğu yerdə Vaşinqton uğur qazandı, çünki hər hansı bir tərəfin işində maraqlı olduğunu nümayiş etdirməyə yox, razılaşmaya nail olmaq üçün lazım olan praktiki addımlara diqqət yetirdi”.