Türk dövlətləri Orta Dəhlizdə tranzit xərclərini və yubanmaları azaltmağa çalışır.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun sözlərinə görə, hədəflər yalnız ticarət həcmini artırmaqla məhdudlaşmamalıdır: “Bu ticarəti daha sürətli, daha səmərəli, daha rəqəmsal, daha şaxələndirilmiş və regiondakı bizneslər və icmalar üçün daha faydalı etməliyik. Bu baxımdan, “Türk Dünyası Baxışı 2040” mühüm yol xəritəsi təqdim edir. Bu sənəd bizi iqtisadi inteqrasiyanı dərinləşdirməyə, əlaqələndirməni yaxşılaşdırmağa, təsisatları möhkəmləndirməyə, biliyə əsaslanan sahələrə sərmayə qoymağa, davamlı və inklüziv artımı təşviq etməyə çağırır.