Prezident aparatında dövlət başçısına məxsus telefon xəttinə zəng gəlir. Zəng Bakıya çox uzaqdan gəlməyib, hava məsafəsi ilə 450 km, normal avtomobil yolu məsafəsi ilə isə 654 km arası olan tarixi Azərbaycan torpağı İrəvandandır. Amma tarix baxımından xeyli uzaqdan, düz 27 il aradan sonra gələn ilk zəngdir.
Sonuncu belə telefon danışığı düz 1999-cu ildə ozamankı dövlət başçıları Heydər Əliyevlə Robert Köçəryan arasında olmuşdu. Bu dəfə isə dəstəyin bir tərəfində Ermənistanın dövlət başçısı sayılan Paşinyan, digər tərəfində isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu zəngin qarşı tərəfdən edilməsi uzun aradan sonra regiona sülhü gətirən Azərbaycan dövlətinə və bu dövlətin başçısına bir növ sayğı xarakteri daşıyır. Onun üçün də məhz bu tarix, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü seçilib. Azərbaycan dövlətinin hərbi-siyasi iradəsi olmadan bu iki ölkə arasında sülhdən danışmaq qeyri-mümkün idi. Bu mənada altını cızaraq bir daha qeyd edirik ki, regionda əmin-amanlığı və sülhü “dizayn edən” məhz Azərbaycan dövləti və bu dövlətin başçısıdır.
Bu telefon zəngini həm də 100 illərlə tarixi olan və ən son 38 il davam edən bir münaqişənin tərəflərinin arasında artıq yeni bir dövrün başlanmasının, kənar şəxslərin, vasitəçilərin olmadığı, birbaşa danışıqlara başlanılmasının müjdəçisi saymaq olar. Telefon danışığı ilə bağlı verilən rəsmi xəbərdə də “Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparılması” xüsusi olaraq vurğulanır. Bax belə. Azərbaycanın tarixi qələbəsinin ən böyük məqsədi olan tarixi ədalətin bərpası və daimi sülhün yaradılması tam reallaşmağa başlayır. Bu reallığa həm də ona görə ümid bəsləmək olar ki, daha “çörəyi münaqişədən çıxan” vasitəçilər yoxdur.
Bugünkü zəng 1991-ci ildən başlayan və hər mərhələsində ölkəmizə və regiona faciələr gətirən 34 illik “vasitəçilik tarixini” tarixin arxivinə göndərdi. Özümüzün özümüzdən ən çox etdiyimiz şikayət “unutqan xalq” olduğumuzdan, unudulmasın deyə münaqişə tarixinin “vasitəçilər”ini və vasitəçilik səylərini araşdırdım. Həm də yuxarıda qeyd etdiyim faciələrin nələr olduğunu konkret faktlarla sadalamaq istədim. Beləliklə:
Qarabağ münaqişəsində ilk vasitəçilik edən tərəflər Rusiya və Qazaxıstanın iştirakı ilə, 23 sentyabr 1991-ci ildə tərəflər- Ayaz Mütəllibovla Levon Ter Petrosyan, vasitəçilər Boris Yeltsin və Nursultan Nazarbayev tərəfindən imzalanmış “Jeleznovodsk Bəyannaməsi”nin ömrü heç 2 ay da çəkmədi. 20 noyabr 1991-ci ildə “Jeleznovodsk sənədi”nin icrası çərçivəsində sülhməramlı missiyanı yerinə yetirən Rusiya, Qazaxıstan müşahidəçiləri və Azərbaycanın yüksək rütbəli dövlət xadimlərini daşıyan Mi-8 vertolyotu Xocavəndin Qarakənd kəndi üzərində erməni silahlı qüvvələri tərəfindən vuruldu. İlk vasitəçilik cəhdi Azərbaycana “Vertolyot qəzası” faciəsini bəxş etdi. Obrazlı desək, hadisədə 22 nəfərlə birlikdə “Jeleznovodsk Bəyannaməsi” də “həlak oldu”.
Bunu ardınca ikinci belə cəhd İranda baş verdi. 7 may 1992-ci ildə Tehran şəhərində Yaqub Məmmədov, Levon Ter-Petrosyan və vasitəçi kimi Haşimi Rəfsəncani tərəfindən imzalanın “Tehran Bəyannaməsi” cəmi bir gün sonra Azərbaycana Şuşanın işğalı boyda faciə bahasına başa gəldi. Şuşanın işğalı ilə İranın vasitəçilik nüfuzu da yerlə bir oldu.
1993-cü ildə BMT tərəfindən ard-arda qəbul edilən 4 qətnamənin 27 il havada qalması elə özlüyündə ən böyük faciə idi.
24 mart 1992-ci ildə Finlandiyanın Helsinki şəhərində keçirilən ATƏM-in Nazirlər Şurasının əlavə iclasında Dağlıq Qarabağ üzrə Minskdə konfrans çağırılması qərara alındı. Amma bu konfrans heç vaxt keçirilmədi. Əvəzində isə 5-6 dekabr 1994-də keçirilən Budapeşt sammitində “Minsk qrupu” yaradılması ideyası rəsmiləşdi və 23 mart 1995-ci ildə “bir amerikalı, bir fransız və bir rus”dan ibarət “Minsk Qrupuna” münaqişəyə vasitəçilik etmək üçün verilən mandat rəsmiləşdirildi. Bu tarixdən düz 2020-ci il, şanlı qələbə ilə başa çatan “Zəfər Savaşı”mızdan sonra Azərbaycan dövlət başçısının onları gəlib günlərlə qapı arxasında gözlədikdən sonra “xala, xətrin qalmasın” qəbul edərək “mandatlarını qoltuqlarına verib” qovmaqdan betər etdiyi günə, yəni 12 dekabr 2020-ci ilədək bu missiya tərəfindən dəyişdirilən yeganə şey bir-birinin yerinə gələn üzvlərin adları oldu. Vəssalam. “Minsk qrupu”nun vasitəçiliyi ilə planlaşdırılan tədbirlər demək olar ki, hamısı fiasko ilə nəticələndi və hər bir addımda regiona bədbəxtlik və faciədən başqa heç nə gətirə bilmədilər. İndi “Minsk qrupunun səyləri” ifadəsi səsləndikdə adamın ağlına 3 addan və “səyləriniz qırılsın” ifadəsindən başqa heç nə gəlmir.
Yuxarıda xatırlatdığımız 1999-cu ildəki telefon danışığı isə, Naxçıvanla Ermənistan sərhədində, Sədərək ilə tarixi adı Arazdəyən olan Yerasx arasındakı neytral sərhəddə baş tutan ilk vasitəçisiz görüşün təşkili ilə bağlı idi. Bu görüşdə Azərbaycan və Ermənistan dövlət başçıları ikilikdə, heç bir vasitəçi olmadan dialoq aparsalar da, görüş məhz “Minsk qrupunun” siyasi dəstəyi ilə baş tutmuşdu. Bu görüşdən sonra biz “ucuz qurtarsaq” da, bu dəfə faciə Ermənistanda baş verdi. Görüşdən 16 gün sonra 27 oktyabr 1999-cu ildə Ermənistan tarixində ən dəhşətli terror hadisəsi baş verdi. Ermənilər özləri öz parlamentlərinə basqın edib terror törətdilər. Aralarında baş nazir və parlament sədri də olmaqla 8 nəfər öldürüldü. Ermənistan böyük bir hakimiyyət böhranı ilə üz-üzə qaldı. Bir daha xatırladım ki, bu hələ “Minsk qrupu”nun vasitəçilik yox, “siyasi dəstək” etdiyi tədbir idi. Gör vasitəçilik etsələr nələr ola bilərmiş…
Diqqətlə araşdırsaq, xeyli belə hadisələr ortaya çıxar, amma məncə elə bu qədəri də bəsdir. Bütün bunları xatırlatmağım təkcə tarixə baxış, unutmamaq üçün deyil. Hər zaman düşündüyüm bir məsələ var: biz 44 günlük “Zəfər savaşı” ilə nə qədər böyük bir qələbə qazandığımızın fərqində deyilik. Zaman-zaman baş verən hadisələr, bizə Qarabağ münaqişəsinin həll olunması ilə nə qədər ciddi problemlərin, dərdlərin və hətta faciələrin bitməsini əyani olaraq göstərir. Bu yazımda da tarixə ekskurs edib göstərməyə çalışdım ki, canını və qanını vətən torpağına qatıb şəhid və qazi olan Azərbaycan oğulları, Azərbaycan dövləti və dövlət başçısı regiona sülhü gətirməklə nə qədər böyük və möhtəşəm bir iş görüb.
Yaşasın Azərbaycan dövləti!