İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın son zərbələrinə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.
SEPAH-ın yaydığı bəyanatda qeyd olunur ki, bazar gününə keçən gecə korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbi infrastrukturunun o cümlədən Küveytdəki “Əli əs-Salim” bazasındakı səkkiz obyektinə və Amerikanın Bəhreynin Salman limanındakı 5-ci Donanmasının bazasına hücum edib.
Bəyanatda həmçinin qısa müddət əvvəl ABŞ-nin İslam Respublikasının beş sahil postuna zərbələr endirdiyi xatırladılıb.
“İslamabad memorandumuna əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İslam Respublikasına məxsusdur və bundan sonra qayda pozan gəmilərə qarşı əvvəlkindən daha sərt tədbirlər görüləcək”,- bəyanatda qeyd olunub.
SEPAH az əhəmiyyətli hədəflərə qarşı belə ehtimal olunan təcavüzə sarsıdıcı cavab veriləcəyi barədə xəbərdarlıq edib.