Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı ağır xəsarət alıb

Ötən gün Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycana gələn Niderland vətəndaşı – 1979-cu il təvəllüdlü Kramer Anne Hestler avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.

Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralı şəxsin təxliyəsi məqsədilə DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilib.

Report.