Samuxda qarayara xəstəliyinə görə post quraşdırıldı – Fotolar

Samuxda qarayara xəstəliyinə görə post quraşdırıldı  – Fotolar

Samux rayonunun Alıuşağı kəndində qarayara xəstəliyi ilə bağlı post quraşdırılıb.

Avtomobillərin hərəkəti tam şəkildə açıqdır. Postda əsasən kənd ərazisindən ət, həmçinin ət və süd məhsullarının daşınmasına nəzarət olunur.

Ərazidə Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarəsinin rəsmilərinin olduğu bildirilir. Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə, kənddə olan iri təsərrüfatlarda dezbaryerlər yaradılıb.

Məlumat üçün bildirək ki, dünən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyasının əlamətləri ilə şübhəli bilinən 11 nəfər yerləşdirilib. Bu şəxslərin əksəriyyəti Samux rayonu Alıuşağı kənd sakinləridir.

Ötən gün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliyi diaqnozu təsdiq edilib.

Yunis Quliyev



Qafqazinfo.