Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində geriləmə müşahidə edilmir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” adlı tədbirdə bildirib.
“Əslində, 2019-cu ildə şəffaflaşma prosesinin çox vacib elementlərindən biri əmək gəlirlərinin vergiyə cəlb olunması idi. Sual yaranırdı ki, bütövlükdə iqtisadi fəaliyyətin şəffaflaşdırılması əmək gəlirlərinin vergiyə cəlb olunması ilə nə dərəcədə əlaqəli ola bilər? O vaxt aparılan təhlillər də göstərirdi ki, biznes öz əmək gəlirlərini şəffaflaşdırırsa və bunun üçün stimulu varsa, həmin əmək resurslarından istifadə etməklə istehsal etdiyi malları, işləri və xidmətləri təqdim edərkən də şəffaflığa gedəcək. Həmin güzəştlər doğrudan da müsbət nəticə verdi. Qeyri-neft sektorunda əmək müqavilələrinin sayı dövlət sektorundakı göstəricini də üstələdi və burada əhəmiyyətli artım baş verdi”, – deyə o qeyd edib.