Sabiq Baş konsulun məhkəməsi başladı – 190 minlik zərər

Sabiq Baş konsulun məhkəməsi başladı  – 190 minlik zərər

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Sultan Qasımov külli miqdarda dələduzluqda ittiham olunur.

Qasımov həbsdə deyil, onun barəsində alternativ qətimkan tədbiri seçilib. İlk iclasda işə mahiyyəti üzrə baxılmır. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilub. Sultan Qasımovun vəkili ilk iclasda vəsatət qaldıraraq işin prokurora qaytarılmasını istəyib. Vəkil vəsatətini müvəkkilinin istintaq vaxtı müdafiə hüququnun pozulması ilə əsaslandırıb. Zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Ağalar Quliyev isə Sultan Qasımovun elə ilk iclasda həbs edilməsini istəyib.

Vəkil deyib ki, onun müdafiə etdiyi Rusiya vətəndaşına 190 min manata yaxın ziyan dəyib, amma bir manat da geri ödənilməyib. Zərərçəkmiş tərəf məhz bu səbəbdən qətimkan tədbirinin dəyişdirilməsində israrçı olub. Əldə etdiyimiz məlumata görə, Sultan Qasımovu bu zərərçəkmiş şəxslə qardaşı Mehman Qasımov tanış edib. Mehman Qasımov ötən ilə kimi Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini işləyib. İş üzrə zərərçəkmiş digər şəxs isə azərbaycanlıdır. Həmin şəxs bir neçə il əvvəl Hindistanda qızıl-zinət əşyaları ilə tutulub. Sultan Qasımov ondan 5 min manat alaraq işi həll edəcəyini deyib. Firdovsi Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirədən sonra vəsatətlərin heç birini təmin etməyib. S.Qasımov barəsində seçilmiş qətimkan tədbiri dəyişmədən iş məhkəmə baxışına verilib. Əsas iclas oktyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, S.Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərindəki Baş konsulu işləyib. O, Prezidentin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.

Fotoda: Mehman Qasımov

Sail Ağasəlim

Qafqazinfo.