Rusiyanın Novoçeboksarsk (Çuvaşiya) şəhərində avtomobilin Sivil çayına düşməsi nəticəsində həlak olan beş nəfərin meyiti tapılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Hadisə yerinə baxış zamanı daha iki nəfərin cəsədi tapılıb, onlar FHN xilasediciləri tərəfindən sudan çıxarılıb. Həlak olan hər beş nəfərin şəxsiyyəti müəyyənləşdirilib”, – qurumdan bildirilib.
Noyabrın 6-sı axşam saatlarında içərisində üç kişi və iki qızın olduğu avtomobil Sivil çayına düşüb.
Çuvaşiya prokurorluğundan bildiriblər ki, bir qrup yerli sakin avtomobillə getdikdən sonra onlarla əlaqə kəsilib. Qohumları onların axtarışa verilməsi ilə bağlı polisə ərizə ilə müraciət ediblər.
Hadisə yerində çay kənarındakı uçuruma aparan avtomobil izləri aşkarlanıb.
Baş vermiş hadisə faktı üzrə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.