“Vahid turizm vizasının tətbiqi mexanizmini işləyib hazırlamaq lazımdır”

“Vahid turizm vizasının tətbiqi mexanizmini işləyib hazırlamaq lazımdır”

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə turizm marşrutlarının inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib.

Bunla bağlı Japarov Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bəyan edib.

Onun sözlərinə görə, marşrutları “bir səyahət – bir neçə ölkə” prinsipi ilə yaratmaq məqsədəuyğundur, həmçinin vahid turizm vizasının tətbiqi mexanizmini işləyib hazırlamaq lazımdır.

S.Japarov qeyd edib ki, ortaq turizm məkanının formalaşdırılması regionun xalqlarının yaxınlaşması üçün əhəmiyyətli imkanlar açır. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri və Azərbaycan bir-birini tamamlayan turizm potensialına malikdir.

“Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın cəlbedici səyahət istiqaməti kimi tanıdılması üçün səylərin birləşdirilməsinə imkan verir”, – Qırğızıstan Prezidenti vurğulayıb.

O həmçinin Qırğızıstanın vahid turizm vizasının tətbiqi təşəbbüsünə bundan sonra da dəstək verilməsinə ümid ifadə edib.

“Xarici siyasət idarələrimizə onun həyata keçirilməsinin konkret mexanizmlərini işləyib hazırlamağı tapşırmağı təklif edirik”, – S.Japarov bildirib.

Qafqazinfo.