Qazaxıstanda yol hərəkəti ilə bağlı beynəlxalq konfrans keçirilir – Fotolar

Qazaxıstanda yol hərəkəti ilə bağlı beynəlxalq konfrans keçirilir  – Fotolar

Qazaxıstanın Kostanay şəhərində “Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması” mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilir.

Sözügedən tədbirlərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rüfət Quliyev, İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda ölkəmizi təmsil edir.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin qatıldığı elmi-praktik konfransda yol hərəkəti iştirakçılarının, xüsusilə uşaqların yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqlarının formalaşdırılması, bu sahədə tədris və maarifləndirmə metodlarının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ölkələrarası əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılır.

Konfrans çərçivəsində müxtəlif ölkələrdə uşaqlar və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşdırılması, onların təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihə və təşəbbüslər barədə fikir və təcrübə mübadiləsi aparılır.



Qafqazinfo.