“Qazaxıstan Atom Elektrik Stansiyaları” (KAES) MMC ilə Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası arasında Qazaxıstanda “Balxəş” Atom Elektrik Stansiyasının (AES) ümumi gücü 2 400 MVt olan iki enerji blokunun tikintisini nəzərdə tutan EPC müqaviləsi imzalanıb.
Müqavilənin imzalanması Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.
“Rosatom”un lisenziya alması və AES-in tikintisinə başlanılması 2027-ci ildə gözlənilir. Stansiyanın on il ərzində istismara verilməsi nəzərdə tutulur.
Bu barədə müqavilənin imzalanmasından sonra jurnalistlərə “Rosatom”un baş direktoru Aleksey Lixaçov və Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat veriblər.
AES Almatı vilayətinin Ülken qəsəbəsində, Balxəş gölünün sahilində inşa ediləcək.