Qaradağda Sərhəd Qoşunlarının 107 illiyi qeyd olundu – Fotolar

Qaradağda Sərhəd Qoşunlarının 107 illiyi qeyd olundu  – Fotolar

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 18 Avqust – Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü və sərhəd qoşunlarının yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Dövlət Sərhəd Xidmətinin və hərbi hissənin rəhbər heyəti, zabit və hərbi qulluqçular, veteranlar, eləcə də digər qonaqlar iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərimizin müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə şəxsi heyətə ünvanladığı təbrik müraciəti oxunub. Müraciətdə Azərbaycan sərhədçilərinin dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsində göstərdikləri yüksək peşəkarlıq, Vətənə sədaqət və fədakar xidmət xüsusi qeyd olunub.

Tədbirin rəsmi hissəsində çıxış edənlər şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan dövlət sərhədlərinin qorunmasının ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov çıxışında hərbi hissənin şəxsi heyətini rayon rəhbərliyi adından təbrik edib, sərhədçilərə məsuliyyətli və şərəfli xidmətlərində uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıb. Dövlət sərhədlərinin keşiyində dayanan hər bir hərbi qulluqçunun xidmətinin yüksək ehtirama layiq olduğu bildirilib.

Sonra Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək sərhədçiləri peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında hərbi qulluqçuların xidmətlərinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətində dövlət sərhədlərinin etibarlı mühafizəsi daim prioritet istiqamətlərdən biri olub. Bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Dövlət Sərhəd Xidməti müasir texniki imkanlara, yüksək döyüş hazırlığına və peşəkar şəxsi heyətə malik mühüm dövlət qurumlarından birinə çevrilib.

Çıxışlarda Azərbaycan sərhədçilərinin Vətən müharibəsi və ölkəmizin suverenliyinin tam bərpası zamanı nümayiş etdirdikləri qəhrəmanlıq və şücaət də xüsusi vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağının bütün suveren ərazilərimizdə dalğalanması xalqımız üçün böyük qürur mənbəyidir və sərhədçilərimiz dövlətimizin müqəddəs sərhədlərinin keşiyində şərəflə dayanırlar.

Tədbirdə çıxış edən hərbi hissə rəhbərliyi şəxsi heyətin qarşısında duran vəzifələrdən, sərhəd mühafizəsinin daim təkmilləşdirilməsindən və hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirilib ki, sərhədçilər bundan sonra da Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edərək Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığını əzmlə qoruyacaqlar.

Mərasimin yaddaqalan məqamlarından biri də xidmətdə fərqlənən hərbi qulluqçuların təltif olunması olub. Xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq, nümunəvi intizam və fərqlənmə göstərən bir qrup hərbi qulluqçu Fəxri fərmanlarla təltif edilib, bir sıra hərbi qulluqçuya isə növbəti hərbi rütbələr təqdim olunub. Təltif olunan hərbi qulluqçulara gələcək xidmətlərində yeni uğurlar arzulanıb.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bayram münasibətilə konsert proqramı təqdim olunub. Konsertdə tanınmış müğənni, Ə.Əmirov adına Mədəniyyət sarayının əməkdaşı, Vətən Müharibəsi qazisi Məbud Əhmədov çıxış edərək vətənpərvərlik ruhunda sevilən musiqi nümunələrini səsləndirib. Musiqili proqram hərbi qulluqçular və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda hərbi hissənin şəxsi heyətinə bir daha 18 Avqust – Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə təbriklər çatdırılıb, Azərbaycanın dövlət sərhədlərinin keşiyində dayanan bütün sərhədçilərə şərəfli xidmətlərində yeni uğurlar, möhkəm cansağlığı arzulanıb.